29.11.2023

Kürdəmirdə "Fövqəladə hallar zamanı baş verəcək hadisələrdən qorunma" ilə bağlı maarifləndirici görüş

Noyabrın 29-da Kürdəmir şəhər R. Quliyev adına 5 nömrəli tam orta məktəbdə Mərkəzi Aran Regional Təhsil İdarəsini təşkilatçılığı, Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin dəstəyi ilə "Fövqəladə hallar zamanı baş verəcək hadisələrdən qorunma" ilə bağlı maarifləndirici görüş keçirilib.

Görüşdə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin məsləhətçisi Əhliyyət Adıgözəlov, Fövqəladə Hallar Nazirliyinin Kürdəmir rayon Yanğınsöndürmə Hissəsinin növbə rəisi Ozal Şirinov, Kürdəmir rayonu üzrə təhsil sektorunun müdiri Rəfail Məmmədov, təhsil müəssisələrinin rəhbələri, pedaqoji-müəllim heyəti və şagirdlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu öndərin və şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Ozal Şirinov fövqəladə hallar zamanı davranış, yanğın və dəm qazı ilə əlaqədar təhlükəsizlik qaydaları və digər mövzular barədə məlumat verib, məktəblərdə bu istiqamətdə keçirilən tədbirlər barədə danışıb.

Elm və Təhsil Nazirliyinin əməkdaşı Əhliyyət Adıgözəlov çıxışında bildirib ki, təhsil müəssisələrinin müəllim-şagird heyətinin diqqətini baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, bu istiqamətdə onların bilik və bacarıqlarını artırmaq vacib şərtlərdəndir.

Daha sonra çıxış edən təhsil sektorunun müdiri Rəfael Məmmədov təhsil müəssisələrində baş verə biləcək fövqəladə hallar zamanı görüləcək işlər, atılacaq addımlar, eyni zamanda təxliyə planları barədə məlumat bildirib.

Sonda Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətlərindən bəhs edən videoçarx nümayiş olunub.

Qeyd edək ki, görüşün keçirilməsində məqsəd yanğın, dəm qazı, digər fövqəladə hallar zamanı davranış qaydalarına dair bilik və bacarıqların təkmilləşdirilməsi, bu istiqamətdə maarifləndirmə prosesinin fasiləsizliyinin təmin edilməsindən ibarətdir.


Açar sözlər: ,  ,