01.12.2023

Ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş

Dekabrın 1-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

Ağdaş şəhər Heydər Əliyev adına Mərkəzdə təşkil olunan görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, idarənin müvafiq struktur bölmə rəhbərləri, əməkdaşları və məktəb direktorları iştirak edib.

Görüşdə təhsil idarəsinin müdiri Elçin Kərimov çıxış edərək ümumi təhsil müəssisələrinin 2022/2023-cü tədris ili üzrə IX və XI sinif buraxılış imtahanlarının, həmçinin IV siniflərdə təşkil olunan monitorinqin və respublika fənn olimpiadalarının nəticələrindən və bir sıra cari məsələlərdən danışıb. Həmçinin məktəblərin son 2 tədris ilinin nəticələrinə və göstəricilərinə dair reytinqləri açıqlanıb və müqayisəli təhlilləri aparılıb. İdarə müdiri bildirib ki, zəif nəticələrin səbəbi araşdırmalı və bununla bağlı planlaşmış müvafiq addımlar atılmalıdır. Elçin Kərimov ötən tədris ilində bir sıra ümumi təhsil müəssisələri arasında təşkil olunmuş qarşılıqlı pedaqoji əməkdaşlığın təhsilin keyfiyyətinin artırılması istiqamətində əlverişli və mühüm rol oynadığını bildirib.

Görüşdə idarə müdiri ümumi təhsil müəssisələrinin istilik təminatı, inventarizasiyanın aparılması və digər mühüm məsələlərə toxunub, həmçinin idarəetmə işinin təkmilləşdirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

Bundan əlavə görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin ümumi təhsil müəssisələrinin şagirdləri arasında təşkil etdiyi Məntiq müsabiqəsi, “Zəfər yolu” və “Hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu” adlı inşa yazı müsabiqələrinin qalibləri diplom və qiymətli hədiyyələrlə təltif olunub və məktəb direktorlarına təqdim olunub.


Açar sözlər: ,  ,