Dekabrın 28-də Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanları keçiriləcək.
Eksterna qaydada aralıq imtahanları aşağıdakı mərkəzlərdə təşkil olunacaq:
Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonları üzrə müraciət edən eksternlər – Ucar şəhər 5 nömrəli tam orta məktəbin inzibati binasında
Mingəçevir şəhər, Yevlax və Ağdaş rayonları üzrə müraciət edən eksternlər – Yevlax şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta məktəbin inzibati binasında iştirak edəcəklər.
İmtahan saat 15:00-da başlayacaq və eksternlər imtahan binasına gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini özləri ilə gətirmələri mütləqdir.
Qeyd edək ki, eksternat imtahanlarında iştirak etmək üçün Mərkəzi Aran RTİ-yə 484 müraciət daxil olub. Onlardan 135 nəfər ümumi orta, 354 nəfəri isə tam orta təhsil səviyyəsi üzrə attestat almaqla bağlı müraciət edib.
Eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.