Dekabrın 28-də Mərkəzi Aran Regional Təhsil İdarəsi üzrə əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında aralıq imtahanları keçirilib.
Mərkəzi Aran RTİ üzrə 2 mərkəzdə (Yevlax şəhər İ.Nəsimi adına 3 nömrəli tam orta məktəb və Ucar şəhər 5 nömrəli tam orta məktəb) təşkil olunan imtahanda 420 nəfər ekstern iştirak edib. Ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə eksternlərə 8 fənn (Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, kimya, fizika, informatika, Azərbaycan tarixi, ümumi tarix, biologiya, coğrafiya və xarici dil) üzrə imtahan veriblər.
Qeyd edək ki, eksternat təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.