Fevralın 2-də Mərkəzi Aran Regional Təhsil İdarəsində 2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə bir qrup gənc müəllimlə görüş keçirilib.
Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, müdir müavini Cavad Cavadov, İnzibati təşkilat sektorunun müdiri Elmin Məmmədtağıyev, idarənin əməkdaşları və ümumi təhsil müəssisələrində çalışan bir qrup gənc müəllim iştirak edib.
Təhsil İdarəsinin müdiri Elçin Kərimov gənc müəllimləri və təhsil işçilərini təbrik edərək bu gün ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıldığını və bu istiqamətdə müvafiq işlər görüldüyünü qeyd edib. İdarə müdiri son illər müəllim əməyinin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirildiyindən danışıb. Hər il gənc müəllimlərin sayının daha da artmasının gənclərin müəllimlik peşəsinə olan marağından xəbər verdiyini bildirib.
Daha sonra ucqar kənd mühitində çalışan gənc müəllimin həyatından bəhs edən videofilmə baxış keçirilib.
Görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, gənc müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Sonda bir qrup gənc müəllim gənc nəslin təlim-tərbiyəsi sahəsində fəal, nümunəvi xidmətlərinə görə və 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Fəxri Fərmanla təltif olunub.