14.02.2024

Mərkəzi Aran Regional Təhsil İdarəsində “Çağrı Mərkəzi” və “Vətəndaşların Qəbulu Mərkəzi” fəaliyyət göstərir

Vətəndaşlara daha operativ və keyfiyyətli xidmət göstərilməsi üçün Mərkəzi Aran Regional Təhsil İdarəsinin “Çağrı Mərkəzi” (146-0-3) və “Vətəndaşların Qəbulu Mərkəzi” fəaliyyət göstərir.

Çağrı Mərkəzi ilə əlaqə saxlamaq üçün vətəndaşlar Elm və Təhsil Nazirliyinin 146 nömrəsinə zəng edərək müvafiq dil seçdikdən sonra 0-3 düyməsini sıxmalıdırlar.

“Çağrı Mərkəzi” vasitəsilə vətəndaşlar Mərkəzi Aran Regional Təhsil İdarəsinin fəaliyyət istiqamətlərinə uyğun sual və müraciətlərini ünvanlaya, ətraflı məlumat əldə edə bilərlər.

Qeyd edək ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin “Çağrı Mərkəzi”nə cari dövrədək, ümumilikdə 2 284 müraciət daxil olub. Daxil olan müraciətlər qanunvericiliyə uyğun cavablandırılıb və operativ şəkildə həll olunub.

Vətəndaşların Qəbul Mərkəzində isə müasir avadanlıqlarla təchiz olunmuş ümumi qəbul sahəsi və aidiyyəti məsul şəxslər tərəfindən qəbul üçün xüsusi otaq var.

Qeyd edək ki, şəhid olmuş şəxslərin ailə üzvləri, müharibədə əlillik dərəcəsi almış şəxslər və müharibə veteranları həftənin iş günləri ərzində günün istənilən saatlarında qəbula yazıla bilərlər.

O cümlədən Təhsil İdarəsinin “Çağrı Mərkəzi” və “Vətəndaşların Qəbulu Mərkəzi” həftəiçi beş gün (bazar ertəsi – cümə günləri) saat 09:00-dan 18:00-dək xidmət göstərir. Sözügedən xidmətlər yalnız Mərkəzi Aran regionuna daxil olan təhsil müəssisələri və digər müvafiq məsələlərlə bağlı vətəndaş müraciətlərini cavablandırmaq üçün nəzərdə tutulub.


Açar sözlər: