06.03.2024

Mərkəzi Aran bölgəsinin məktəblərində idman həftəsi keçirilir

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir.

Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş idman həftəsi çərçivəsində məktəblilər səhər gimnastikası edir, şagirdlərə idman növləri haqqında geniş məlumatlar verilir, idmançıların yarışlar ərəfəsində psixoloji hazırlığı mövzusunda söhbət aparılır.

Ümumi təhsil müəssisələrində idman həftəsi çərçivəsində müsabiqələr, yarışlar, maarifləndirmə görüşləri, şagirdlərin mükafatlandırılması və digər tədbirlər təşkil ediləcək.

5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən idman həftəsi martın 7-dək davam edəcək.

Qeyd edək ki, idman həftəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması və sağlam həyat tərzinin təbliğindən ibarətdir.

Layihə təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, fiziki inkişafının təmin edilməsi, onlarda müsbət emosiyaların dayanıqlı olması, idman və bədən tərbiyəsinin inkişafı, həmçinin bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.


Açar sözlər: ,  ,  ,