Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən tabeliyində olan ümumi təhsil müəssisələrində tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı və direktor olmaq arzusunda olan pedaqoji işçilər üçün “Təhsil işçiləri üçün idarəetmə və peşəkar inkişaf proqramı” adlı layihəyə qeydiyyat davam edir.
Müsabiqədə iştirak etmək istəyən namizədlər 13 may 2024-cü il tarixinədək https://forms.gle/doxdKjd4xHRq4iNP9 linki vasitəsilə qeydiyyatdan keçə bilərlər. Sənəd qeydiyyatı yoxlanılmış və sənədləri təsdiq edilmiş namizədlər müsabiqənin onlayn qiymətləndirmə mərhələsinə buraxılacaqlar.
Layihənin məqsədi potensiallı kadrların aşkar olunması, onların məktəb idarəetməsi üzrə peşəkar inkişaflarının təmin edilməsi, vəzifədə irəli çəkilməsi, rəhbər vəzifələrə təyin olunması (şagird sayı 150-dək olan məktəblərə direktor və şagird sayından asılı olmayaraq bütün məktəblərə tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, təşkilatçı təyinatı), eləcə də namizədlərin şagird sayı 150-dən çox olan məktəblər üzrə direktor vəzifəsinə işə qəbulu müsabiqəsinə hazırlanmasıdır.
Müsabiqə 5 mərhələdən (qeydiyyat, onlayn qiymətləndirmə, seminar, müstəqil tədqiqat işi və onun təqdimat müsahibəsi, vakant yerlərə təyinat) ibarətdir.
Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsilli, 3 ildən az olmayaraq ümumi təhsil müəssisəsində pedaqoji stajı olan (direktor vəzifəsinin tutulması tələblərinə uyğun olaraq 5 ildən az olmayaraq pedaqoji stajı olan) və hazırda Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.
Qeyd edək ki, müsabiqədə Mərkəzi Aran iqtisadi regionunun dislokasiya olunmuş ərazisində yerləşən, işğaldan azad olunan şəhər və rayonların ümumi təhsil müəssisələrində çalışan və müvafiq tələblərə uyğun olan şəxslər də iştirak edə bilərlər.
Onlayn qiymətləndirilmə mərhələsindən uğurla keçən namizədlərə müxtəlif modullar əsasında seminarlar təşkil olunacaq. Müvafiq istiqamətlər üzrə keçiriləcək seminarların sonunda qiymətləndirilmə aparılacaq və hər bir qiymətləndirmə üzrə uğur qazanan namizədlər növbəti mərhələdə iştirak etmək hüquq əldə edəcəklər. Növbəti mərhələdə namizədlərə nəzərdə tutulan ümumi təhsil müəssisələrində müstəqil təqdiqat işinin aparılması və təqdimat müsahibəsinin təşkili nəzərdə tutulur.
Qeyd edək ki, sonda uğur qazanan namizədlərə 3 kateqoriya üzrə sertifikat veriləcək:
A kateqoriyası – cari vəzifəsi müəllim olanlara şamil olunur, həmin namizədlər şagird sayı 150-dən aşağı olan məktəblərə direktor vəzifəsinə və şagird sayından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrinə tədris işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə birbaşa təyinat ala bilərlər.
B kateqotiyası – cari vəzifəsi tədris işləri üzrə direktor müavini və ya uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı olan namizədlərə şamil olunur, həmin namizədlər 150-dən aşağı olan məktəblərə direktor vəzifəsinə birbaşa təyinat ala bilərlər və şagird sayından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində vakant olan tədris işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə yerdəyişmə edə bilərlər.
C kateqoriyası – cari vəzifəsi direktor olan namizədlərə şamil olunur, həmin namizədlər şagird sayından asılı olmayaraq hazırda vakant olan bütün ümumi təhsil müəsisələrinə direktor vəzifəsinə təyinat ala bilərlər.