Mayın 4-də Mərkəzi Aran Regional Təhsil İdarəsində tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinə rotasiya qaydasında yerdəyişmə olunan və eləcə də cari ildə yeni təyin olunmuş bir neçə məktəb direktoru ilə görüş keçirilib.
Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak edib.
Görüş zamanı Təhsil İdarəsinin müdiri Elçin Kərimov müsabiqə nəticəsində seçilən şəxsləri təbrik edib və onlara üzərlərinə düşən şərəfli və məsuliyyətli işdə uğurlar arzulayıb. İdarə müdiri təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin və təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının əsas hədəflərdən olduğunu bildirirərək direktorların qarşısında duran əsas vəzifələri diqqətə çatdırıb.
Elçin Kərimov yeni məktəb direktorlarına tədrisin təşkili, idarəetmə, kadr münasibətlərinin tənzimlənməsi, ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət mexanizminin təkmilləşdirilməsi, sağlam və yaradıcı mühitin təmin olunması, məktəb-ailə və müəllim-şagird münasibətlərinin inkişafı, şagirdlərin davamiyyəti və digər məsələlər barədə tövsiyə və tapşırıqlar verib, məktəb prosesinin şəffaflıq və aşkarlıq prisinpləri əsasında idarəolunmasını xüsusi qeyd edib.
Sonda onları maraqlandıran suallara aydınlıq gətirilib.
Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 10 ümumi təhsil müəssisəsinə rotasiya qaydasında yeni direktor təyin olunub. Eyni zamanda mayın 6-da isə təyin olunmuş müəssisə rəhbərləri məktəb pedaqoji heyətinə təqdim olunub.