08.05.2024

Ümumi təhsil müəssisələrində çalışan bir qrup təhsil işçisi ilə görüş

Mayın 8-də Mərkəzi Aran Regional Təhsil İdarəsində tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan bir qrup pedaqoji heyətlə görüş keçirilib.

Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov, ADA-nın “Bir müəllimin manifesti” təhsil proqramının rəhbəri Ziya Mirzəyev, ümumi təhsil müəssisələrində çalışan direktor, direktor müavini və müəllimlər iştirak edib.

Görüşdə çıxış edən proqram rəhbəri Ziya Mirzəyev “Bir müəllimin manifesti” təhsil proqramı barədə ətraflı məlumat bildirib. O, layihənin məqsədinin regionlardan olan müəllimlərin bilik və bacarıqlarını artırmaqla Azərbaycan təhsilinin mükəmməl səviyyəyə çatdırılması, təlim-tədris zamanı müəllimlərin qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün əməkdaşlığın qurulması, tədris strategiyalarının genişləndirilməsi və ən yaxşı dərs nümunələrinin paylaşılması sayəsində müəllimlərin peşəkarlığının artırılması və yeni nəsil müəllimlər şəbəkəsinin qurulması olduğunu qeyd edib.

Qeyd edək ki, 2021-ci ildən etibarən fəaliyyətə başlayan “Bir müəllimin manifesti” layihəsi ADA Universiteti tərəfindən təklif olunur və regionlardakı orta məktəblərin müəllim və direktorları üçün nəzərdə tutulub.

Daha sonra çıxış edən Təhsil İdarəsinin müdir müavini Cavad Cavadov “Təhsil işçiləri üçün idarəetmə və peşəkar inkişaf proqramı” layihəsi barədə maarifləndirici məlumat bildirib. O, qeyd edib ki, layihənin məqsədi potensiallı kadrların aşkar olunması, onların məktəb idarəetməsi üzrə peşəkar inkişaflarının təmin edilməsi, vəzifədə irəli çəkilməsi, rəhbər vəzifələrə təyin olunmasından ibarətdir.

Sonda görüş iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.


Açar sözlər: ,