22.05.2024

Tədris digər dildə aparılan bölmələr üzrə müsahibələr davam edir

Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün müsahibələr keçirilir.

Müsahibə üçün müraciət edən vətəndaşların övladları şəxsi kabinetlərindəki bildirişdə qeyd olunmuş tarixə uyğun olaraq müsahibədə iştirak edirlər.

Müsahibələr bitdikdən sonra nəticəsi məqbul hesab edilən uşaqlar üçün həmin bölmə üzrə məktəb seçimi imkanı yaradılacaq.

Müsahibə nəticəsi məqbul olmayan uşaqlar isə Azərbaycan bölməsi üzrə müraciət edə bilərlər.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı 7 mərkəzdə 2 müsahibə komissiyası fəaliyyət göstərir.

Uşaqların şifahi nitq bacarıqları 5 meyar üzrə (fikrə münasibət bildirir, ünsiyyət zamanı fikrini sərbəst ifadə edir, nitq etiketlərindən yerində istifadə edir, özü, ailəsi və Vətəni haqqında qısa məlumat verir, təklif edilən əşya və hadisələr haqqında danışır və ya təklif edilən şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qurur) qiymətləndirilir.

Müsahibə prosesi zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılır.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı təşkil olunan müsahibələr 7-30 may tarixlərini əhatə edir. Müsahibədən uğurlu nəticə əldə edən uşaqların valideynləri 12 iyun - 13 sentyabr 2024-cü il tarixlərində məktəb və müəllim seçimi edə bilərlər.


Açar sözlər: ,  ,