07.06.2024

Təhsilverənlərin etik davranış qaydaları ilə bağlı görüşlər keçirilir

Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin etik davranış qaydaları ilə bağlı maarifləndirici görüşlər keçirilir.

Keçirilən görüşlərdə yerli rayon (şəhər) təhsil sektorlarının rəhbər və əməkdaşları, ümumi təhsil müəssisələrinin pedaqoji kollektivi iştirak edir.

Görüşlərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının “Təhsilverənlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi və “Müəllimlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli 1/2 nömrəli Qərarının ləğv edilməsi barədə 15 may 2024-cü il tarixli KQ-07 nömrəli Qərarının müzakirəsi aparılıb.

Belə ki, görüş zamanı bu Qaydaların əsas məqsədinin təhsil müəssisələrində işgüzar, sağlam emosional və psixoloji mühitin təmin edilməsinə, vətəndaşların təhsil müəssisələrinə və təhsilverənlərə etimadının artırılmasına, təhsilverənlərlə təhsil prosesinin digər iştirakçıları arasında münasibətlərin idarə olunmasına, təhsilverənlərin nüfuzunun yüksəldilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına və maraqların toqquşmasının qarşısının alınmasına nail olmaqdan ibarət olduğu vurğulanıb.

Həmçinin hər bir təhsilverənin öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri rəhbər tutaraq bu Qaydaların müddəalarına əməl etməyə borclu olduğu qeyd edilib.

Sonda qarşılıqlı fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.


Açar sözlər: ,