İyunun 12-də Mərkəzi Aran Regional Təhsil İdarəsində məktəbəqədər təhsil müəssisələrində çalışan bir qrup tərbiyəçi-müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi prosesi ilə bağlı məlumatverici görüş keçirilib.
Görüşdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin aparıcı məsləhətçisi Hüseyn Hüseynov, idarənin struktur bölmə rəhbərləri və əməkdaşları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və bir qrup tərbiyəçi-müəllim iştirak edib.
Görüşdə çıxış edən İdarə müdiri Elçin Kərimov diaqnostik qiymətləndirmənin tərbiyəçi-müəllimlərin təlim ehtiyaclarının müəyyən edilməsi məqsədilə sertifikasiya mərhələsinə hazırlıq məqsədi daşıdığını diqqətə çatdırıb. Həmçinin Elçin Kərimov diaqnostik qiymətləndirmənin nəticələrinin tərbiyəçi-müəllimlərin əmək müqaviləsinə təsir etmədiyini bildirib.
Daha sonra çıxış edən MÜTDA-nın Məktəbəqədər təhsilin təşkili şöbəsinin aparıcı məsləhətçisi Hüseyn Hüseynov təhsilverənlərin bilik-bacarıqlarının diaqnostik qiymətləndirmə prosesinin mahiyyəti, test imtahanı və müsahibə mərhələlərinin təşkili, cəlb olunan heyətlə bağlı çıxış edib. Eyni zamanda sözügedən proseslə bağlı qanunvericiliyə edilən dəyişikliklər, diaqnostik qiymətləndirmə prosesinin təhsilin keyfiyyətinə müsbət təsirini qeyd edib.
Sonda görüşdə müzakirə olunan mövzu ilə bağlı rəy və təkliflər dinlənilib, diaqnostik qiymətləndirmə prosesi ilə bağlı çoxsaylı sualları cavablandırılıb.