08.07.2024

“Təhsil işçiləri üçün idarəetmə və peşəkar inkişaf proqramı”nın qiymətləndirmə mərhələsinin keçid balı müəyyənləşdirilib

Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən tabeliyində olan ümumi təhsil müəssisələrində tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı və direktor olmaq arzusunda olan pedaqoji işçilər üçün təşkil olunan “Təhsil işçiləri üçün idarəetmə və peşəkar inkişaf proqramı” layihəsinin qiymətləndirmə mərhələsinin minimum keçid balı 20 bal (33%) müəyyənləşdirilib.

Qeyd edək ki, qiymətləndirmə mərhələsində 20 bal və üzəri toplayan namizədlər seminar mərhələsində iştirak etmək hüququ əldə edirlər.

Qiymətləndirmə mərhələsində iştirak etmiş və nəticələrindən narazı olan namizədlər bu gündən etibarən 2 iş günü ərzində Mərkəzi Aran Regional Təhsil İdarəsinə apellyasiya müraciəti edə bilərlər.

Apellyasiya müraciətləri komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin özlərinə bildiriləcək. Eyni zamanda qiymətləndirmə mərhələsində uğur qazanan namizədlərin gün ərzində qeydiyyatdan keçdikləri mobil əlaqə nömrələrinə SMS bildiriş və ya zəng vasitəsilə məlumat bildiriləcək.

Layihənin məqsədi potensiallı kadrların aşkar olunması, onların məktəb idarəetməsi üzrə peşəkar inkişaflarının təmin edilməsi, vəzifədə irəli çəkilməsi, rəhbər vəzifələrə təyin olunması (şagird sayı 150-dək olan məktəblərə direktor və şagird sayından asılı olmayaraq bütün məktəblərə tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, təşkilatçı təyinatı), eləcə də namizədlərin şagird sayı 150-dən çox olan məktəblər üzrə direktor vəzifəsinə işə qəbulu müsabiqəsinə hazırlanmasıdır.


Açar sözlər: ,  ,  ,