02.08.2024

“Təhsil işçiləri üçün idarəetmə və peşəkar inkişaf proqramı”nın seminar mərhələsinin qiymətləndirilməsi davam edir

Avqustun 2-də Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən təşkil olunan “Təhsil işçiləri üçün idarəetmə və peşəkar inkişaf proqramı” layihəsinin seminar mərhələsinin qiymətləndirilməsi keçirilib.

Mingəçevir şəhər R.Muradov adına Texniki humanitar liseydə təşkil olunan imtahanda 191 nəfər iştirak edib.

İmtahan zamanı namizədlərə əmək və təhsil qanunvericiliyi üzrə biliklərin yoxlanılmasına dair 40 qapalı test tapşırığının cavablandırılması üçün 80 dəqiqə vaxt verilib.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin struktur bölmə rəhbərləri və əməkdaşları imtahan prosesinin gedişatını izləyib.

Qeyd edək ki, imtahanda müvafiq keçid balını (23 bal və yuxarı) toplamış namizədlər növbəti seminarda iştirak etmək hüququ əldə ediblər.

Daha sonra Mingəçevir şəhər S.Vurğun adına 16 nömrəli tam orta məktəbdə növbəti seminar mərhələsinin məşğələsi keçirilib. Məşğələdə Təhsil İdarəsinin müdiri Elçin Kərimov və idarənin əməkdaşları tərəfindən ümumi təhsil müəssisələrinə şagirdlərin qəbulu və yerdəyişməsi, sinifdən-sinfə keçirilməsi, sinif komplektlərinin sayına uyğun olaraq müvafiq vəzifələr üzrə ştat vahidlərinin müəyyən edilməsi və digər istiqamətlərdə zəruri məlumatlar namizədlərin diqqətinə çatdırılıb, suallar cavablandırılıb.

Layihənin məqsədi potensiallı kadrların aşkar olunması, onların məktəb idarəetməsi üzrə peşəkar inkişaflarının təmin edilməsi, vəzifədə irəli çəkilməsi, rəhbər vəzifələrə təyin olunması (şagird sayı 150-dək olan məktəblərə direktor və şagird sayından asılı olmayaraq bütün məktəblərə tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini, təşkilatçı təyinatı), eləcə də namizədlərin şagird sayı 150-dən çox olan məktəblər üzrə direktor vəzifəsinə işə qəbulu müsabiqəsinə hazırlanmasıdır.

İmtahanda iştirak etmiş bütün namizədlərə uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,