16.08.2024

Lisey və məktəb-liseylərə şagird qəbulu davam edir

2024/2025-ci tədris ili üzrə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən lisey və məktəb-liseylərə şagird qəbulu davam edir. VI və IX siniflər üzrə şagird qəbulu Regional Təhsil İdarəsi tərəfindən keçiriləcək mərkəzləşdirilmiş qəbul imtahanının nəticələrinə əsasən, V siniflər üzrə şagird qəbulu ötən tədris ilində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən keçirilən IV sinif monitorinqlərinin nəticələrinə əsasən, VII siniflər üzrə şagird qəbulu Agentlik tərəfindən keçirilən VI sinif monitorinqlərinin nəticələrinə əsasən, VIII siniflər üzrə şagird qəbulu Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən keçirilən VII sinif monitorinqlərinin nəticələrinə əsasən, X siniflər üzrə isə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən IX sinif buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq. Ərizələrin qəbulu prosesi 23 avqust 2024-cü il tarixinədək davam edəcək.

 

İmtahan zamanı şagirdlərə tədris dili, riyaziyyat, xarici dil (ingilis dili) və müvafiq profil fənləri üzrə tapşırıqlar təqdim ediləcək.

 

Aşağıda mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və məktəb-liseylərin siyahısı ilə tanış ola bilərsiniz:

 

Mingəçevir şəhər R.Muradov adına Texniki-humanitar lisey;

Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü lisey;

Ağdaş şəhər S.Vurğun adına 1 nömrəli məktəb-lisey;

Ucar şəhər 1 nömrəli Texniki və humanitar fənlər təmayüllü lisey;

Zərdab şəhər H.Zərdabi adına 1 nömrəli məktəb-lisey;

Kürdəmir şəhər M.Ə.Rəsulzadə adına 2 nömrəli məktəb-lisey.

 

Qeyd edək ki, Mingəçevir şəhər R.Muradov adına Texniki-humanitar və Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllü liseylərinə şagird qəbuluna ərizə qəbulu https://sy.edu.az portalı üzərindən həyata keçirilir və valideynlər (və ya qanuni nümayəndə) portal üzərindən şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Ümumtəhsil məktəbi” düyməsini sıxmaqla müraciət etməlidirlər. Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala uyğun olaraq təhsil almaq istədikləri liseyi seçə bilərlər. Digər məktəb-liseylərə şagird qəbulu ilə bağlı isə valideynlər (və ya qanuni nümayəndə) https://forms.gle/kDCFir66J8NmYUrz9 linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

 

Əlavə olaraq bildiririk ki, Respublika Fənn Olimpiadası, Lütfi Zadə adına məntiq-riyaziyyat olimpiadası, Məktəblilərarası fənn müsabiqəsinin, eləcə də beynəlxalq əhəmiyyətli müsabiqə və olimpiadaların final mərhələsinin iştirakçıları, o cümlədən qalibləri müsabiqədənkənar qaydada yuxarıda qeyd olunan istənilən liseyə (məktəb-liseyə) qəbul olunmaq hüququ əldə edirlər. Belə ki, həmin şagirdlər də 23 avqust 2024-cü il tarixinədək "https://sy.edu.az" portalı vasitəsilə (məktəb-liseylər üçün isə qeyd olunun link vasitəsilə) müvafiq qeydiyyat prosesindən keçməlidirlər.

 

Onu da qeyd edək ki, sözügedən lisey və məktəb-liseylərə şagird qəbulu ilə bağlı imtahanların tarixi barədə öncədən məlumat bildiriləcəkdir.


Açar sözlər: ,  ,  ,