18.05.2016

Yevlax məktəbliləri GMO-nun ziyanı barədə maarifləndirildi

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qida təhlükəsizliyi: Genetik modifikasiya olunmuş məhsullar  insan sağlamlığı üçün təhlükə mənbəyi kimi” layihəsi çərçivəsində növbəti  tədbir keçirib.

                İctimai Birlikdən Lent.az-a verilən xəbərə görə, layihə çərçivəsində mayın 14-də Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbində tədbir keçirilib. 

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov layihə barədə məlumat verib. R. Cürənov bildirib ki,   layihənin məqsədi Yevlax rayonunda orta məktəb şagirdlərini arasında qida təhlükəsizliyi və GMO məhsulların insan sağlamlığına yaratdığı təhlükələr barədə məlumatlandırmaqdır. GMO məhsulların insan sağlamlığı üçün törətdiyi təhlükələr barədə söz açan “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri deyib ki, Azərbaycanda bu məhsulların istehsalı və idxalının qadağan edilib. Lakin bu məhsulların Azərbaycan bazarlarına yol tapmasının istisna edilmədiyini söyləyən R. Cürənov şagirdlərin GMO məhsullar barədə məlumatlı olmasını zəruri sayıb. 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı Gülsəba Ələsgərova və Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbinin direktorunun tərbiyəvi işlər üzrə müavini Camal Bərxudarov GMO məhsulların insan orqanizmi üçün təhlükəsi barədə danışıblar.

                Tədbirdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.  R. Cürənov şagirdləri “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin layihə çərçivəsində təşkil ediləcək GMO məhsulların insan sağlamlığına yaratdığı təhlükələr barədə inşa müsabiqəsində fəal iştirak etməyə dəvət edib.