Mayın 7-si və 8-də Uşaq-Gənclər İdman Məktəbinin güləş zalında böyük qələbəlik vardı. Azərbaycan Güləş Federasiyasının 6 saylı Nümayəndəliyi göstərilən tarixdə Nümayəndəliyin tərkibinə daxil olan şəhər və rayon güləşçilərinin zona birinciliyini keçirirdi. Bu mötəbər yarışda rayonumuzun idman şərəfini qorumaq kimi son dərəcə çətin və məsuliyyətli vəzifəni məşqçi müəllimlərdən, respublikanının əməkdar məşqçisi Paşa Həmidovun, Saleh Talıbovun və Vüsal Məcnunovun yetirmələri öz öhdələrinə götürmüşdülər. Əsasən Şəhər Gənclər və İdman İdarəsinin, Uşaq-Gənclər İdman Məktəbinin çalışdırdıqları yeniyetmə pəhləvanlar idmanın sərbəst və “Yunan-Roma” növləri üzrə rəqibləri ilə mübarizə aparmalı idilər.
İki gün davam edən gərgin qarşılaşmada Qaraoğlan kənd tam orta məktəbin IXa sinif şagirdi İsa Muradov öz çəki dərəcəsində idmanın həm sərbəst, həm də “Yunan-Roma” növü üzrə ikinci fəxri yeri özü üçün təmin etdi. Həmin kənd məktəbinin IX a sinif şagirdi Əşrəf Qasımov isə hər iki güləş növü üzrə qüvvəsini sınayaraq üçüncü yeri tutdu. Məhəmməd Babayev (2 nömrəli tam orta məktəbin VIIIb sinif şagirdi) sərbəst güləş üzrə üçüncü yeri tutdu. Məhəmməd Məmmədov (7 saylı tam orta məktəbin Xc sinif şagirdi) və Ənvər Abdullayev (4 saylı tam orta məktəbin IXç sinif şagirdi) yalnız idmanın “Yunan-Roma” növü üzrə çıxış etmiş, hər ikisi üçüncü yerə çıxmışlar
Qaliblər Federasiyanın 6 saylı Nümayəndəliyinin təsis etdiyi diplomlarla təltif olunmuşlar.
.