Ulu öndərin anadan olmasınının 93-cü ildönümü münasibətilə şəhər Texniki Yaradıcılıq Mərkəzində maraqlı yarış keçirildi. Şəhərin ümumtəhsil məktəblərindən Mərkəzdəki müxtəlif dərnəklərə cəlb olunmuş yeniyetmə modelçilər həmin gün öz əl işləri ilə yaradıcılıqlarını və istedadlarını nümayiş etdirməyə toplaşmışdılar. Dərnək rəhbərlərindən Gülbəniz Məhərrəmova, Aynur Nəbiyeva və başqaları gənc konstruktorların hazırladıqları modellər barədə açıqlama verdilər. “Kimin hazırladığı model daha yüksəyə uçar?” devizi altında keçirilən yarışda 18 nəfər gənc modelçininin hazırladığı raket qurğularınının nümayişinə start verilməmişdən öncə Mərkəzin direktoru Qəhrəman Məmmədov ümummilli liderin həyat və fəaliyyəti barədə iştirakçılara geniş məlumat verib onlara uğurlar arzuladı. Bundan sonra gənc modelçilərin hazırladıqları və üzərinə ulu öndərin adı yazılmış raket modelləri havaya qaldırıldı. Xeyli davam edən maraqlı yarışda 2 nömrəli tam orta məktəbin şagirdi Mətləb Alıyevin ixtira etdiyi model digərlərini üstələyərək daha yüksəyə uçuş etdi və birinci yerə çıxdı. 4 saylı tam orta məktəbin modelçisi Hikmət Cabbarovun modeli ikinci, 6 saylı tam orta məktəbin şagirdi Pərviz Mustafayevin modeli isə üçüncü fəxri yerin sahibi oldu.
Yarışın qaliblərinə Texniki Yaradıcılıq Mərkəzinin diplomları təqdim edildi.
Həmin gün uşaqlar üçün ən qiymətli hədiyyə isə tədbirin sonunda həmyerlimiz. “N” hissəsinin komandiri Natiq Fazil oğlu Əliyevin müəllifliyi ilə təzəcə çapdan çıxmış “Heydər Əliyev fenomeni və ordu quruculuğu” mövzusundakı kitab oldu.