Əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 15 noyabr 2023-cü il tarixdən 14 dekabr 2023-cü il tarixədək eksternat təhsilalma forması üzrə ümumi orta və ya tam orta təhsil haqqında təhsil sənədi almaq məqsədilə sənəd qəbulu həyata keçiriləcəkdir. Eksternat qaydada aralıq imtahanlarında əvvəlki illərdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslər iştirak edə bilərlər. İmtahanda iştirak etmək istəyən şəxs aşağıdakı tələb olunan sənədləri Mərkəzi Aran Regional Təhsil İdarəsinin strukturuna daxil olan rayon (şəhər) üzrə təhsil sektorlarına yaxınlaşaraq təqdim edə bilərlər:
1.Mərkəzi Aran Regional Təhsil İdarəsi müdirinin adına ünvanlanmış ərizə (faktiki yaşadığı ünvan və əlaqə nömrəsi qeyd edilməlidir);
2.Şəxsiyyət vəsiqəsinin surəti;
3.Tam orta təhsil səviyyəsi üzrə eksternat təhsilalma formasında aralıq imtahanlarında iştirak üçün (11-ci sinif üzrə) müraciət edildiyi halda ümumi orta təhsil haqqında attestatın (şəhadətnamənin) surəti;
4.Əvvəllər təhsil aldığınız müəssisədən əldə etdiyiniz təhsildən yayınma səbəbi və tədris ili göstərilmiş arayışın surəti;
5.Ümumi orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edən şəxslərin yaşı 16-dan, tam orta təhsil səviyyəsi haqqında attestat almaq üçün müraciət edənin yaşı 18-dən aşağı olmamalıdır.
Müraciət edən şəxslər buraxılış imtahanlarından öncə əsas fənlərdən ibarət aralıq imtahanda iştirak edirlər. Tədris dili rus dilində olan şəxslər əlavə olaraq Azərbaycan dili fənnindən imtahan verirlər.
Nəticələr Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarına kimi açıqlanır. İmtahanlarında uğur qazanmış eksternlər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanırlar.
Əlavə sualı olan vətəndaşlar Mərkəzi Aran Regional Təhsil İdarəsinin Çağrı Mərkəzinin (“146-0-3”) əlaqə nömrəsinə zəng etməklə məlumat ala bilərlər.
Xüsusi qeyd: Təqdim edilmiş sənədlərdə uyğunsuzluq aşkar edildiyi təqdirdə şəxsin eksternat qaydasında imtahanlarda iştirakı təmin edilməyəcək.