“Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 271 nömrəli qərarının icrasını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini əsas tutaraq
ƏMR EDİRƏM:
1. “Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 271 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilsin (əlavə olunur).
2. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi və rayon (şəhər) təhsil şöbələrinə tapşırılsın ki:
2.1. “Uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının məqsəd və mahiyyətinin ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərində, valideynlər arasında izahı və təbliği ilə əlaqədar zəruri tədbirlər həyata keçirsinlər, bu məqsədlə yerli KİV-lərin imkanlarından da səmərəli istifadə etsinlər.
2.2. Bir ay müddətində aidiyyəti təşkilatlarla birlikdə 2016-2017-ci dərs ilində məktəbəhazırlıq təhsilinə cəlb olunacaq 5 yaşlı uşaqların sayını dəqiqləşdirməklə adlı siyahısını hazırlasınlar, ərazilər üzrə məktəbəhazırlıq təhsili təşkil ediləcək məktəbləri və müəllimləri müəyyən etsinlər.
2.3. Məktəbəhazırlıq qrupları yaradılacaq ümumtəhsil məktəblərində lazımi təlim şəraitinin təmin olunması istiqamətində tədbirlər həyata keçirsinlər.
2.4. Dərs ili ərzində məktəbəhazırlıq qruplarında təhsil prosesinin təşkilinə və müəllimlərin fəaliyyətinə nəzarəti rəsmi qaydada şöbənin (idarənin) məsul əməkdaşlarından birinə həvalə etsinlər.
2.5. Görülmüş işlər barədə avqust ayının sonunadək Nazirliyə yazılı hesabat göndərsinlər.
3. Nəzərə alınsın ki, məcburi köçkün məktəblərində müvafiq imkan və şərait, kadr potensialı olmadığı, məcburi köçkün ailələrindən olan uşaqların mövcud sayı bu məktəblərdə məktəbəhazırlıq qruplarının təşkilinə əsas vermədiyi hallarda həmin uşaqlar məktəbəhazırlıq təhsilinə ərazi üzrə yerli məktəblərdə cəlb edilirlər.
4. Təhsilin inkişafı proqramları şöbəsi (E.Əmrullayev), İnsan resursları şöbəsi (İ.Nağıyev), Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (V.Yaqublu) məktəbəhazırlıq təhsilini aparacaq müəllimlərin yerlərdən alınmış adlı siyahısı əsasında həmin müəllimlər üçün təsdiq olunmuş tədris planı və proqrama uyğun öyrədici təlimlərin sentyabr ayı ərzində təşkilini təmin etsinlər.
5. Ümumi və məktəbəqədər təhsil şöbəsi (A.Əhmədov), Təhsil Problemləri İnstitutu (E.Əmrullayev) məktəbəhazırlıq təhsilinin təşkili üçün 1 qrupa və məktəbə tələb edilən tədris resurslarının, malların adı və miqdarını müəyyən etsinlər.
6. Maliyyə şöbəsi (R.Orucov) əmrin 5-ci bəndinin icrası üzrə təqdim olunacaq məlumatlar əsasında Əsaslı tikinti və təchizat idarəsi (A.Axundov) ilə birlikdə məktəbəhazırlıq təhsilinin təşkili ilə bağlı tələb olunan maliyyə vəsaitinin həcmini müəyyənləşdirib həmin vəsaitin ayrılması barədə Maliyyə Nazirliyi qarşısında vəsatət qaldırılması üçün təklif hazırlasın.
7. İnformasiya şöbəsi (E.Əliyev) KİV-lərdə məktəbəhazırlığın təşkili ilə bağlı təbliğat və maarifləndirmə işlərinin həyata keçirilməsini, əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etsin.
8. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunsun.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
5 avqust 2016-cı il
№548