“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik yeni idarəetmə sisteminin formalaşdırılması əsas strateji istiqamətlərdən biri kimi müəyyənləşdirilmiş, idarəetmənin qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması hədəf kimi qarşıya qoyulmuşdur.
Təhsil sisteminin idarəolunmasının təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin mərhələlərlə əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə səriştəli, peşəkar, yüksək idarəçilik qabiliyyətinə malik şəxslərin seçilib, yerləşdirilməsi məqsədilə, “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında” Əsasnamənin 8.37-ci və 13.5-ci bəndlərini rəhbər tutaraq
ƏMR EDİRƏM:
1. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqə və apelyasiya komissiyalarının tərkibi təsdiq edilsin:
Müsabiqə komissiyası
Komissiyanın sədri:
Mətin Eynullayev Nazir müavini
Komissiyanın üzvləri:
Fərzəli Qədirov Aparat rəhbərinin müavini
Kənan Quliyev Daxili nəzarət şöbəsinin müdiri
Aydın Əhmədov Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri
Eşqi Bağırov İnsan resursları şöbəsinin müdir əvəzi
Apelyasiya komissiyası
Komissiyanın sədri:
Firudin Qurbanov Nazir müavini
Komissiyanın üzvləri:
Sübhi Kazımov Hüquq şöbəsinin müdiri
Elnur Əliyev İnformasiya şöbəsinin müdiri
3. Yerli təhsili idarəetmə orqanları:
3.1. bu əmrin və Qaydaların ümumi təhsil müəssisələrinə çatdırılmasını, pedaqoji heyət arasında Qaydalarla bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsini təmin etsinlər;
3.2. direktor vəzifəsi vakant olan təhsil müəssisələrinin siyahısını hazırlasınlar və bir həftə müddətinə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinə təqdim etsinlər (əlaqələndirici şəxs baş məsləhətçi Zöhrab Kəlbəliyev (əlaqə: 599-11-55 (5210)).
4. İnsan resursları şöbəsi (E.Bağırov):
4.1. müsabiqənin keçirilməsi üçün test tapşırıqlarının və müsahibə materiallarının hazırlanması və onların məxfiliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün;
4.2. müsabiqənin 2017-ci ilin mart-avqust aylarında Qaydalara uyğun təşkili və keçirilməsini təmin etsin.
5. İnformasiya şöbəsi (E.Əliyev) bu əmrin və Qaydaların yerli təhsili idarəetmə orqanlarına göndərilməsini, Nazirliyin internet saytında yerləşdirilməsini, müsabiqə və onun nəticələri ilə bağlı məlumatların ictimaiyyətə çatdırılmasını təmin etsin.
6. “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə qaydaları”ın təsdiq edilməsi barədə Təhsil Nazirliyinin 11.03.2016-ci il tarixli 143 nömrəli əmri qüvvədən düşmüş hesab edilsin.
7. Əmrin icrasına nəzarət nazir müavini M.Eynullayevə həvalə olunsun.
Əsas: Nazir müavini M.Eynullayevin xidməti məlumatı.
Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri
3 mart 2017-ci il
№126
Əlavə: