07.10.2016

5 Oktyabr Beynəlxalq Müəllimlər günüdür

Bütün peşələr gözəldir, amma mənə elə gəlir ki, müəllimlik bənzəri olmayan bir peşədir. Çünki bu peşənin sahibləri insanların həyat yollarını aydınladır, ömürlərini zərrə-zərrə, gilə-gilə elm öyrətdikləri yüzlərin, minlərin ömürlərinə qatırlar və hər kəs üçün də unudulmaz, əziz insana çevrilirlər. Varvara kənd tam orta məktəbin biologiya müəllimi Bilqeyis Səmədova kimi.

Onun həyatı müəllim olmaq istəyən hər bir kəs üçün örnək sayıla bilər. Varvarada sadə bir kəndli ailəsində dünyaya göz açıb. Orta təhsilinin ilk yeddi ilini öz kəndlərindəki məktəbdə oxusa da, Salahlı kənd orta məktəbindən məzun olub. Sənədlərini H.Zərdabi adına Kirovabad (Gəncə) Dövlət Pedaqoji İnstitutuna verib, biologiya və kənd təsərrüfatı istehsalının əsasları fakültəsinə daxil olub. Ali təhsilini başa vurduğu zaman institutun elmi şurasına çağrılan Bilqeyisə qalıb institutda işləmək təklif olunub, amma o geri-doğma Varvaraya qayıdıb. 1967- ci ildən kəndlərindəki məktəbdə müəllim kimi fəaliyyətə başlayıb.

Çox az zaman içərisində o, artıq rayonun pedaqoji ictimaiyyəti arasında öz biliyi, bacarığı ilə tanınıb, seçilib. Barəsində dövrü və yerli mətbuatda  çoxlu yazılar dərc olunub. “Azərbaycan müəllimi” qəzetində 1988-ci ildə dərc olunmuş “O qəlbi dünya bilsən” (müəllif Dilqəm Şahverdiyev) adlı məqalədə deyilir: “Onun haqqında Rayon Xalq Maarif Şöbəsində xeyli məlumat verdilər. “Şərəf” ordeninə, “Əmək igidliyinə” görə medalına, “Sosializm yarışının qalibi” döş nişanlarına və metodist müəllim adına layiq görülüb, təcrübəsi rayon müəllimləri arasında yayılıb. O, təkcə dərs deməklə işini bitmiş hesab etməyib, kəndin, rayonun ictimai işlərində həmişə yaxından iştirak edib”.

Bilqeyis Səmədovanın bioqrafiyası olduqca zəngindir. O, Azərbaycan Müəllimlərinin VII qurultayının (1987) nümayəndəsi olub, “Ali kateqoriyalı müəllim” (1991) adını alıb, 50-yə qədər elmi-metodik məqalənin, Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş, orta məktəb müəllimlərinin istifadəsi üçün tövsiyə olunan “Biologiya dərslərində iqtisadi biliklərin verilməsinə dair” adlı kitabın müəllifidir.

Bu günlərdə Varvara kənd Folklor Evində Bilqeyis Səmədovanın pedaqoji fəaliyyətinin 50 illiyinə həsr olunmuş tədbir keçirildi. Həmin tədbirə bütün bilqeyissevərlər toplaşmışdı. Bu, həm də Bilqeyis Səmədovanın təqaüdə yola salınması mərasimi idi.

Tədbiri Varvara kənd tam orta məktəbin direktoru Roza Şərəfxanova açaraq uzun illər bir yerdə çalışdığı həmkarı haqqında səmimiyyət dolu sözlər söylədi, xatirələr danışdı.

Onun haqqında danışmaq hər kəs üçün bir zövq idi. Odur ki, həmkarları Narıngül Baziyari, Gülxar Civəzadə, Solmaz Səmədova, Bədirə Həsənova, Razim Vəliyev, Validə Rəsulova böyük sevgi və hörmətlə uzun illər çiyin-çiyinə çalışdıqları Bilqeyis Səmədovanın müəllim və insan kimi  gözəl keyfiyyətlərindən danışdılar, bu ayrılıqdan doğan kədərin üzüntüsünü paylaşdılar.

Onu kənd məktəbini bitirən hər kəs öz müəllimi hesab edir. Elə buna görə də bizim Folklor Evinin işçiləri Zemfira Məmmədova, Gülbəniz İsgəndərova, Varvara kənd İƏD üzrə nümayəndəliyinin mühasibi Vaqif Əhmədov, Salahlı kənd xəstəxanasının baş həkimi Xanım Mahmudova, Mingəçevir Şəhər Xəstəxanasının həkimi Sara Məmmədova da Bilqeyis müəllimə haqqında kövrək notlara köklənmiş çox maraqlı çıxışlar etdilər.

…50 illik müəllim ömrü. 70 yaşlı Bilqeyis Səmədova ömrünün tam 50 ilini gənc nəslin təlim-tərbiyəsi kimi çətin, amma şərəfli bir peşəyə həsr edib. Tədbir boyu çöhrəsindən silinməyən təbəssüm onun bu ömürdən nə qədər çox razı qaldığını ifadə edirdi.