Şəhərimizdəki 8 nömrəli tam orta tədris ocağında 2 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Qruplarda 20-22 nəfər azyaşlı təhsil alır. Onlara iki nəfər pedaqoji stajı 10 ildən yuxarı ibtidai sinif müəllimləri dərs keçirlər.Dərs deyəndə ki, burada keçirilən dərslər bir qayda olaraq məşğələ adlanır. Şagirdlər yazı yazmırlar. Rəsmlər çəkə bilərlər. Əsasən şeirlər, nağıllar, hekayələr, təmsillər öyrənir, əzbərləyirlər. Burada onlara ətraf aləmlə tanışlıq, musiqi, təsviri fəaliyyət, məntiqi və riyazi təfəkkürün inkişafı, fiziki mədəniyyyət, nitq inkişafı, bədii təfəkkürün inkişafı barədə ilk anlayışlar da sadə və anlaşıqlı dildə təqdim edilir, öyrədilir. Bu məşğələlərin bir özəlliyi də ondan ibarətdir ki, burada müəllim şagirdlərə ev tapşırığı vermir.Və təbii ki, səhərisi gün də onu yoxlamır. Hər bir məşğələ 35 dəqiqə sürür və 10 dəqiqə tənəffüs vaxtıdır. Amma məktəbə davamiyyət yoxlanılır. Bu qrupları fərqləndirən digər bir xüsusiyyətsə məşğələlərin həftənin 4 günü davam etməsi və səhər saat 10-un yarısında başlamasıdır.
…İcazə alaraq qrupun dərs keçdiyi sinfə daxil oluruq. Təcrübəli ibtidai sinif müəllimi Svetlana Məmmədova o qədər həyəcanlı görünür ki… Səbəbini soruşduqda gülümsəyir: – Burada 22 nəfər beşyaşlı əyləşib. Hamısını çox sevirəm. Qısa müddətdə onlara öyrəşmiş, xarakterlərinə bələd olmuşam. O qədər təmiz və safdırlar, ürəklərində məktəbə və müəllimə sevgi bəsləyirlər. Hər biri ayrıca bir dünya, qəribəliklərlə dolu bir aləmdir. Məşğələlərə başladığımız ilk günləri, buraya qədəm basdıqları anı xatırlayıram. Bir neçə gün ağladılar. İndisə heç buradan getmək belə istəmirlər. Valideynləri deyirlər ki, biz müəllim kimi onların ümidlərini doğrultmuşuq. Mənsə söyləyirəm – əslində onlar – Murad Abdullayev, Mehriban Bayramova, Nihad İsmayılov, Xədicə Hüseynli, Mədinə Kərimova və adını çəkə bilmədiyim 5 yaşlılar bizim onlara bəslədiyimiz ümidləri doğruldublar.
30 illik pedaqoji staja malik ibtidai sinif müəllimi Sevinc Əliyevanın məşğələ keçdiyi qrupda bizi 5 yaşın cazibəsi ilə diqqət çəkən Nuray Quliyevanın ifa etdiyi “Bakı” şeirinin misraları qarşılayır.
Müəllimə isə bizi yetirmələrindən Aytən Mehdiyeva, Kəmalə İsayeva, Zəhra İsmayılzadə, Həbib Bəkirov və başqaları ilə sevə-sevə tanış edir. 5 yaşlıların istedad və məharətlərindən qürurla söz açır. Qrupların məşğələ keçdiyi sinif otaqlarının qarşısında gənc analar toplaşıb, öz aralarında söhbət edir, məktəbin, dərsin, müəllimlərin fərqli yönlərindən bəhs edirlər.Valideynlərdən Aytən Hüseynova, Günel Məmmədova, Gülsevən Həsənova, Tamilla İmanova uşaqların məktəbə gələndən necə sözəbaxan, rahat və sakit olmalarından razılıqla danışır, müəllim əməyinə dəyər verirlər.
Bir qədər keçir, qrupların ilk məşğələsi – məntiq və riyaziyyat başa çatır. Azyaşlılar sevinclə, gülə-gülə sinfi tərk edir, onları gözləyən gənc analarla ilk təəssüratlarını bölüşürlər.
Gələcəyin birinciləri – beləcə daha bir günə uğurla start verərək, öyrənmək, oxumaq, etika, davranış qaydalarına əməl etmək və s. bu kimi prinsiplərin ilk təməl guşələrinə doğru addımlayırlar. Bununla da onlara bəslənən ümidləri doğruldurlar.