Məktəbəqədər hazırlıq qruplarının fəaliyyətə başlaması artıq insanlarda böyük maraq doğurur.
S.Vurğun adına şəhər 5 nömrəli tam orta məktəbin direktoru Zərxanım Əhmədova qruplarda məktəbə hazırlıq prosesini keçən uşaqların məktəbə adaptasiyası olduqca asan olduğunu, artıq sinif otağını gördüyünü, həmyaşıdları ilə bir ortamı paylaşdığını, müəllimlə ünsiyyətə girdiyini, parta arxasında oturmaq vərdişinə yiyələndiyini və gələcəkdə bir şagird olaraq üzərinə düşəcək vəzifənin məsuliyyətini anlamağa başlayacağını bildirdi.
Məktəbdə məktəbəqədər hazırlıq qrupları Azərbaycan və rus bölmələrində aparılır. Rus bölməsində 29, Azərbaycan bölməsində isə 30 uşaq var. Balacalarla daha çox iş təcrübəsi olan, savadlı, uşaq psixologiyasına yaxşı bələd olan müəllim Bəsti İsmayılova məşğul olur.
Sinif otaqlarında ilk diqqət çəkən qapı üzərində və divarda qruplarla, buradakı məşğələlərlə bağlı məlumatların yer aldığı, rəngli qələmlərlə işlənmiş guşələr olur. Hər biri bir ayrı dünya olan 29 uşağın olduğu sinif otağı bir az da uşaq bağçasında görməyə adət etdiyimiz rəngarəngliyə bələnib. Sinif otağının bir hissəsində yerə döşənmiş xalı, onun üzərindəki oyuncaqlar… da insanda bu təəssüratı gücləndirir.Rus bölməsində məşğələlərə cəlb olunmuş uşaqların əksəriyyətinin ailəsində bu dili bilən yoxdur, amma uşaqların marağı böyükdür.Müəllimlə birgə oxuduqları mahnıları, əyləncəli oyunlar zamanı istifadə etdiyimiz sözləri, kiçik həcmli şeirləri yaxşı yadda saxlayırlar. Valideynlər uşaqlarda müşahidə etdikləri hərəkətlər, evdə ailə üzvləri ilə təmasda onların yeni öyrəndikləri rus sözlərindən istifadə etdiklərini deyirlər. Bu, sevindiricidir. Məşğələlərdə yazmaq yoxdur, hər şey ancaq şifahi şəkildə söylənilir. Uşaqlarla ancaq gələcəkdə təhsil alacaqları rus dilində danışırlar.
Atabəy, Uğur, Yusif, Gülnisə, Leyla… adını çəkmədiyimiz daha 24 uşağın müəllimin müraciətlərinə anındaca reaksiya vermələri – birgə mahnı oxumaları, əylən- cəli oyunlarda iştirakları, Azərbaycan dilində bildikləri sözlərin rusca qarşılığını rahatlıqla və düz söyləmələri may ayınadək davam edəcək qrupların uğurunun konturlarını apaydınca göstərirlər.