01.03.2016

“31 Mart Azərbaycanıların Soyqırımı Günü”

               

31 mart azərbaycanlıların soyqırımı günüdür. 1918-ci ildə ermənilərin Bakıda və Azərbaycanın digər ərazilərində törətdiyi soyqırımı hadisəsindən artıq 98 il keçir. Azərbaycan xalqının ulu öndəri, ümummilli lider  Heydər Əliyevin 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı xüsusi fərmanla ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı aktlarına  hüquqi qiymət verilmiş və o vaxtdan etibarən “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” kimi qəbul olunmuşdur.Son iki əsrdə ermənilər və onların havadarları tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır sarsıntılara, məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Onların həyata keçirdiyi və mərhələ-mərhələ gücləndirdiyi belə qeyri-insani siyasət nəticəsində ölkəmizin qərbində yaşayan azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən-min illər boyu yaşadıqları tarixi etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara düçar olmuş, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmiş və düşünülmüş şəkildə  dünyanın başqa ölkələrində yaşayan ermənilərin Azərbaycan torpaqlarının ən səfalı yerlərində məskunlaşdırılması təmin edilmişdir.Son 200 il ərzində əvvəl çar Rusiyasının, sonra isə keçmiş SSRİ-nin apardığı ermənipərəst siyasət nəticəsində Cənubi Qafqazda demoqrafik vəziyyət kəskin şəkildə dəyişdirilmiş, qara qüvvələrin hədəf nöqtəsinə çevrilən qərbi azərbaycanlılar öz tarixi torpaqlarından, doğma yurdlarından sıxışdırılıb çıxarılmışlar. Təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə soyqırımı, təqib və deportasiyalara məruz qalmış, öz tarixi torpaqlarından didərgin düşmüşlər.1905-1907-ci illərdə ermənilərin azərbaycanlıların yaşadığı bütün məntəqələri əhatə edən irimiqyaslı qanlı əməliyyatlara başlaması ilə yüzlərlə yaşayış məntəqəsi yerlə yeksan edilmiş, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir.Onların 1905-1907-ci illərdə azərbaycanlılar üzərində həyata keçirdiyi kütləvi qırğın 1918-ci il soyqırımının “baş məşqi” hesab edilə bilər. Belə ki, Birinci Dünya Müharibəsində Rusiya imperiyasının dağılması  ilə yaranan anarxiyadan istifadə edən ermənilər azərbaycanlılara qarşı forma və miqyasına görə daha böyük soyqırımı həyata keçirdilər. Bakı, Şamaxı, Quba, bütövlükdə Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər bölgələrində keçirilən soyqırımlar nəticəsində 100 mindən artıq Azərbaycan türkü qətlə yetirilmiş, böyük sarsıntılar nəticəsində salamat qalanlara isə külli miqdarda maddi ziyan vurulmuşdur.1918-ci il mayın 28-də Azərbaycan öz dövlət müstəqilliyini elan etdikdən sonra yenidən ermənilərin ərazi iddiaları ilə üzləşdi. Yaranmış tarixi-siyasi  vəziyyəti nəzərə alan Azərbaycan tərəfi  ermənilərin ərazi iddialarına  son qoyması və  azərbaycanlılara qarşı silahlı hücumların dayandırılması şərtləri daxilində 1918-ci ildə  İrəvan şəhərinin paytaxt olaraq ermənilərə verilməsi barədə qərar  qəbul etdi. Bununla da tarixi Azərbaycan torpaqlarında mərkəzi İrəvan şəhəri olmaqla Ermənistan dövləti yaradıldı. Bütün bunlara baxmayaraq, erməni tərəfi və maraqlı olan dövlətlər iyrənc ərazi iddialarından əl çəkməyərək azərbaycanlıların zorakılıqla öz tarixi torpaqlarından qovulması prosesinin davam etdirilməsinə güclü dəstək verməklə yanaşı, onun daha da gücləndirilməsinə rəvac verən yeni-yeni mürtəce ssenarilərin hazırlanmasına kömək etdilər.Sovet hakimiyyəti qurulduqdan sonra İranla həmsərhəd olmağa can atan ermənilər silahlı təcavüz nəticəsində  Zəngəzur mahalını işğal etdilər və mərkəzdəki havadarlarının köməyi ilə 1923-cü ildə Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağda heç bir sosial-iqtisadi və coğrafi əsasları olmayan Dağlıq Qarabağ Muxtar Vilayətini yaratmağa nail oldular. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında cəmisi 9 min kvadratkilometr ərazidə yaranan erməni dövləti sovet hakimiyyəti illərində öz ərazisini Azərbaycan torpaqları hesabına  genişləndirərək 29,7 min kvadratkilometrə çatdırdı.İkinci Dünya Müharibəsindən sonra da SSRİ rəhbərliyi səviyyəsində Ermənistan SSR-də yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə və deportasiya siyasəti davam etdirildi. SSRİ Nazirlər Sovetinin 1948-ci il  10 mart tarixli qərarı ilə  150 minə yaxın azərbaycanlı öz tarixi torpaqlarından deportasiya olundu.Daha sonra 1988-1989-cu illərdə indiki Ermənistan ərazisindən 250 mindən çox azərbaycanlı deportasiya olundu.

Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam(rayon mərkəzi və ərazisinin böyük bir hissəsi) inzibati rayonları 1989-1993-cu illərdə Ermənistan tərəfindən işğal olunmuşdur.

Hazırda Füzuli rayonunun Horadiz qəsəbəsindən başlayaraq Ermənistan sərhədlərinə qədər uzanan 558 kilometrlik məsafə, o cümlədən 198 kilometrlik Azərbaycan-İran və 360 kilometrlik Azərbaycan-Ermənistan dövlət sərhədi işğalçı tərəfindən pozularaq həmin dövrdən bu vaxta qədər Ermənistanın nəzarəti altındadır.

Erməni təcavüzkarlığı təkcə insan tələfatı ilə qurtarmayıb, həm də maddi-mədəniyyət abidələrinin məhvi ilə nəticələnib. Mənfur düşmənin Dağlıq Qarabağ regionunda Azərbaycanın milli mədəniyyətinə vurduğu zərərlər qiymətləndirilərkən məhv edilmiş nümunələrin yalnız Azərbaycanın deyil, dünya sivilizasiyasının dəyərli nümunələri olduğu nəzərə alınmalıdır.

 Amma hər qaranlıq gecənin bir aydın səhəri var. Bu ədalətsiz müharibə də bitəcək. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının yürütdüyü düzgün siyasət  çox yaxın zamanlarda torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnəcək. Məhz bu siyasətin nəticəsində bu gün Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılır, haqq səsimiz ən yüksək tribunalardan bəyan edilir. Haqq nazilər, amma üzülməz.

 

 

 

        


Açar sözlər: ,