Bəlkə bu kiçik, qaragöz, qaraqaş, şən çöhrəli, oynaq ovqatlı uşaqlardan, onların ətrafa pozitiv enerji saçan varlığından başlanır Vətən?Amma onların özlərinin nöqteyi-nəzəri başqadır. Uşaqların fikrincə Vətən torpaqdan başlanır. Müqəddəs Azərbaycan torpağından. Şəhərin qabaqcıl məktəblərindən olan 5 nömrəli tam orta məktəbin II-a sinfinin rəhbəri Ceyhunə İmanova bu açıq dərsə öz yetirmələri ilə birgə mükəmməl hazırlaşmışdı. Onun söylədiyi giriş sözlərindən də bu ovqat aydınca sezilirdi. İştirakçıları salamlayan ibtidai sinif müəllimi ilk öncə Azərbaycan əsgərinin Torpaq uğrunda, Vətən naminə fədakarlığından, aprelin ilk günlərindən başlayaraq bütün ölkə əhalisinin cəbhənin təmas xəttində cərəyan edən həyəcanlı və gərgin olaylarda Milli Ordumuzun yanında olmasından söz açdı.“Torpaq uğrunda ölən varsa Vətəndir” deyən açıq dərsin müəllimi iştirakçılardan şəhidlik zirvəsinə ucalan Azərbaycan əsgərlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla anılmasnı xahiş etdi.Sözügedən açıq dərsə ŞİH rəsmisi Vaqif Əliyev, ŞTŞ-nin müdiri Zərifə Məmmədova, əməkdar jurnalist Əminə Yusifqızı, mətbuat nümayəndələri və digər qonaqlar qatılmışdılar.Beləcə, vətənpərvər ruhlu, son hadisələrin həyəcanlı ovqatına köklənmiş bir açıq dərs öz işinə başladı. Onu da qeydə dəyər ki, bu gənc ibtidai sinif müəlliminin ilk rəhbər olduğu sinif və düzənlədiyi, zəhmətini çəkərək araya-ərsəyə gətirdiyi ilk açıq dərs idi.Açıq dərsin şagirdləri, II-a sinfinin yetirmələri – Zəhmət, Əmək, Bərəkət və Nemət adlandırılan qruplara ayrılmışdılar. Onlar dərsdə yüksək fəallıq nümayiş etdirdilər, orijinal formada təqdim olunan Vətən torpağını qoxladılar, qeyri-adi təqdimatı ilə seçilən sualları, krossvordları, tapmacaları, atalar sözlərini, riyazi misalları cavablandırdılar, bilik və bacarıqları ilə rəğbət qazandılar.Açıq dərsin məqsədi ülvi idi: uşaqlara Torpağa, Zəhmətə, Əməyə, Bərəkətə və müqəddəs Nemətlərə sevgini mənimsətmək. Şagirdlərdən Fidan, Ülvi, Xalisə, Səadət, Əsgər, Nuray və digərləri daha çox fərqləndilər, onların söylədiyi şeirlər, nəsr parçaları daha çox bəyənildi. İkinci-a sinfinin şagirdi, Vətənin gələcək əsgəri Rauf İsgəndərlinin Azərbaycanın ayrılmaz parçası olan Qarabağa ünvanladığı məktub hamını kövrəltdi, qəlblərdə bir daha düşmənə nifrət hissini alovlandırdı.Ən sonda müəllim evə tapşırıq verərək gündəliklərə qiymətləri yazdı.Açıq dərsin müzakirəsində ŞTŞ-nin müdiri Zərifə Məmmədova dərsi izləyənlərin ürəyindən keçən, bu dərsin oyatdığı təbii olduğu qədər də kövrək duyğulardan səmimi tərzdə söz açdı. Üzünü Ceyhunə müəlliməyə tutaraq vurğuladı: – Belə səviyyədə açıq dərs üçün sənə minnətdarlıq edir, təşəkkür hisslərimi ünvanlayıram. Elə bilirəm ki, bu dərsi uşaqlar uzun zaman unutmayacaqlar. Bu dərsdə o qədər unudulmaz və yaddaqalan nüanslar yaşandı ki… Torpağın qoxlanması, Qarabağa məktub ünvanlanması və s. detallar hamının ürəyindən soraq verirdi. Belə dərslər şagirdlərə vətənpərvərlik ruhunu aşılayır və təlqin edir. Axı dərsin məqsədi də elə bu idi – Torpaq anadır, hətta mən deyərdim ki, anadan da əzəldir, əbədidir, müqəddəsdir.Müzakirələrdə daha sonra ŞTŞ-nin metodisti Ulduzə Rəcəbli, məktəbin direktoru Zərxanım Əhmədova, müəllimlərdən Şərafət Rəhimova, Tamaşa Rzayeva və başqaları çıxış edərək “Torpağın nağılı” adlanan açıq dərs barədə rəy və fikirlərini bölüşdülər, sinfin rəhbəri Ceyhunə İmanovaya öz təşəkkürlərini çatdırdılar.