26.04.2016

Tanışlıq sevgi və səmiyyətlə yaşandı

         

Şəhər Təhsil Şöbəsinin müdiri Zərifə Məmmədova ilə söhbətimiz bu mövzuya həsr olunmuşdu. Azərbaycan Prezidentinin təşəbbüsü və tapşırığı ilə artıq 3-cü dəfədir ki, ölkənin ümumtəhsil məktəblərinin IX – XI snif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında tur-aksiyası keçirilir. Məktəblilər ölkəni gəzirlər, regionlarımızın şəhərlərində olur, buradakı tarixi abidələrlə, ictimai əhəmiyyəti olan məkanlarla, sənaye müəssisələri və nəhayət Azərbaycanın gözəl və fərqli təbiəti ilə, iqlimi, bölgələrdə yaşayan insanlarla tanış olurlar. Bəs, məktəblilər bu səfərlərdən hansı hisslərlə, yaşantılarla, təəssüratlarla geri  qayıdırlar? Zərifə müəllimə qəzetimizin səhifələrində məktəblilərin  sözügedən səfərdən aldıqları təəssüratlarla tanış olmaq arzusunu dilə gətirdi.

                Onun arzusuna əməl edərək 4 nömrəli tam orta məktəbin XI sinif şagirdləri Xan Quliyev və Fərhad Əliyevin səfər zamanı təəssüratları dinlədik.

                …Lənkəran şəhərindən başladı bizim tur-aksiyamız. Bu şəhər mavi Xəzərin sahilində yerləşir. O qədər yaraşıqlı, yaşıl, cazibədardır ki… Hələ insanları. Özünəxas ləhcə ilə danışan, deyib-gülən bu insanlar səmimi, söhbətcil və  ünsiyyətlidirlər.

Bu şəhərdə ilk növbədə ulu öndərin adını daşıyan Mərkəzdə olduq. Mərkəzdə qiymətli sənədlər və fotoşəkillər  Azərbaycanın görkəmli dövlət xadiminin maraqlı həyatı və titanik fəaliyyətinə işıq tutur.

Bizi “Qafqaz-Sahil” otelində  yerləşdirmişdilər. Burada daha çox ölkənin cənub zonasına aid olan mətbəxin zəngin kulinariya mədəniyyəti bizi razı saldı, oteldə xidmət də yaxşı səviyyədə idi.

Hirkan Milli Parkına olan səyahətimizi heç zaman unutmayacağıq. Parkda nadir bitkilər, ağaclar, kollar, yaşıllıqlar göz oxşayırdı, bir sözlə yasaqlığın flora və faunası bizi heyran etdi. Lənkəranda sitrus bağlarına, Xanbulan gölünə, bu yerlərin daha çox filmlərdə gördüyümüz çay plantasiyalarına, Bayraq meydanına, Qoşa Qala qapılarına olan səyahətimiz də unudulmaz nüanslarla yadda qalıb. Hələ ətirli, dadlı Azərbaycan çayının necə hazırlandığını görməyin bizdə necə təəssürat yaratdığı barədə danışmaq da ürəyimizdən keçir. Hamımızın yaxşı tanıdığımız, qəhrəmanlıq yolunu əzbər bildiyimiz general Həzi Aslanovun ev – muzeyinə keçirdiyimiz baxış da qürurla, iftixarla yaddaşımızda iz salıb.

Sonra yolumuz  bağlarla çevrələnmiş, yaşıllıqlara qərq olmuş Astara və Lerik rayonlarına düşdü.

Astara olduqca mənzərəli bir rayondur. Bura gələndə gözlərimiz önündə məşhur “Ulduz” filmi canlandı. Öz aramızda söhbət zamanı dedik, görəsən bu film Astaranın hansı kəndində çəkilib? Axı, filmdəki yamyaşıl çay plantasiyaları, çayyığan qızlar, qadınlar  bu şəhərə aiddir.

Astarada ümummilli liderimizin ideyaları əks olunan Heydər Əliyev Mərkəzində olduq. Gənclər Mərkəzində, Bulvarda, Yanar Bulaqda, Astara çay fabrikində baş tutan görüşlərimiz də bizim üçün yeni və maraqlı idi.

Lerik şəhərinə olan səyahətimizi də uzun zaman xatırlayacağıq. Tarix Diyarşünaslıq və Uzunömürlülər muzeylərində aldığımız zəngin və çeşidli məlumatlar bizə elə bilirik ki, gələcəkdə də gərəkli olacaq.

Bu tur-aksiya zamanı biz yurdumuzun tarixi abidələrini öyrəndik, ölkənin cənub bölgəsinə aid çoxlu bilgilər əldə etdik və sözün doğru anlamında qədim tarixə, müasir inkişafa malik Odlar Yurdunu daha yaxından tanıdıq və sevdik.

 


Açar sözlər: ,